Oxuduğumuz hissə bizi qırx il əvvələ, Asa Yəhuda üzərində padşahlıq edərkən İsrail padşahlığını nəzərdən keçirməyə aparır. Bu son padşahdan fərqli olaraq, Yeroboamın oğlu Nadab qısa padşahlığı dövründə «atasının yolunda və İsraili günaha batırdığı günahında» (26-cı ayə) gedir. Bu günah Yeroboam tərəfindən xalqı RƏBBİN seçdiyi yerdən (Qanunun təkrarı 12:5-6) yayındırmaq üçün qurulan saxta dindən ibarətdir. Xristian dünyasında, əvvəllər İsraildə olduğu kimi, Allahın xalqına aid olan, lakin yeganə mərkəzdən, yəni İsadan uzaqlaşdırılmış çox sayda insan var. Onlara Allahın Kəlamına uyğun olmayan müxtəlif dini formalar öyrədilib.
Nadab, Yeroboamın bütün ailəsi ilə birlikdə, Axiyanın elan etdiyi dəhşətli taleyi yaşayır. Lakin bu hökmü icra edən və Nadabın yerinə keçən Baaşa da onun günahkar yolunu davam etdirir. Lakin eyni yol eyni şəkildə bitir! RƏBB bunu Baaşaya peyğəmbər Yehu vasitəsilə elan edir, o da cəsarətdən məhrum olmayaraq, ciddi sözlərlə pis padşahın qarşısına çıxır. Biz özümüz də torpaqdan ucaldılıb şahzadələr arasına qoyulmamışıq mı? (2-ci ayə; 1 Samuel 2:8). Bu səbəbdən getdiyimiz yolu və onun hara apardığını diqqətlə araşdırmalıyıq (Süleymanın məsəlləri 16:25).