İlk sevgimizi tərk etmək həmişə bir çox başqa pisliklərin başlanğıcıdır, baxmayaraq ki, əvvəlcə bunu dərk etməyə bilərik. Allah İsraili Misirdən Ona xidmət etmək üçün çağırmışdı (Çıxış 4:23) və burada xalq Ona həyasızcasına deyir: «Mən xidmət etməyəcəyəm» (ayə 20 JND tərc.; müq. Nehemya 3:5, Tekoalı zadəganların nümunəsi). Təəssüf ki, bu, onları xilas edənə qarşı bir çox xristianın da cavabıdır, hətta bunu ucadan deməyə cəsarət etməsələr də! Onlara əmin edə bilərik ki, özlərini aldadırlar. Çünki heç bir ağaya xidmət etməmək mümkün deyil. Rəbbə itaət etməkdən imtina etmək bizi bütpərəstliyin köləliyinə salır (ayə 28).
RƏBBə qarşı üsyanlarında daha da irəli gedərək, bu pis insanlar bilərəkdən Ondan üz çevirdilər (ayə 27). Danışılmaz nankorluqla, onlara yalnız yaxşılıq edən Onu unutdular (ayə 32). Yazıq insanlar! Allah onların gözlərini açmağa çalışır. O, onları Ona qayıtmağa və arxalarında qalan azğın yolları nəzərdən keçirməyə dəvət edir (ayə 23; Yeremya 14:10-a baxın). Əziz xristian dostlar, bəzən öz yollarımızı nəzərdən keçirməliyik. Rəbbin bizim üçün olan iradəsinin doğru və sadə yolunu izləmək istəmədiyimiz üçün azğınlıqlarımızda nə qədər səhv addımlar, nə qədər dolanbaclar, nə qədər çıxılmaz yollarla qarşılaşmışıq!