Bu sözlər Süleymanın öz tərbiyəsi haqqında verdiyi şahidliyin bir hissəsidir, hansı ki, o, öz övladlarına ötürməyə çalışmışdır. Allah bunu Süleymanın Məsəllər kitabında bizim üçün də, Öz müqəddəs Kəlamının bir hissəsi kimi qeyd etdirmişdir. Hər şeyin nizamsız olduğu bir dünyada, Allah hələ də «ataların ürəklərini övladlarına, övladların ürəklərini isə atalarına çevirmək» istəyir ki, «gəlib yer üzünü lənətlə vurmasın» (Malaki 4:6).
Müqəddəs Yazılar bizə sakitcə göstərir ki, Davud böyük oğulları ilə ata kimi uğursuz olmuşdur. Onları sevsə də, onlarla, xüsusilə də görkəmli Absalomla sərt davranmamışdır. Əvvəlcə Sauldan qaçaraq, sonra müharibələr və dövlət işləri ilə məşğul olaraq, böyük oğullarının ehtiraslarına və zövqlərinə heç bir məsuliyyət və məhdudiyyət olmadan təslim olmasına icazə vermiş görünür (1 Padşahlar 1:6; 2 Şamuel 13:6–7, 39). Bir çox cəhətdən o, nümunəvi bir padşah idi, Allahın ürəyinə görə bir adam idi. Lakin çoxlu arvad və kənizlərlə özünü əyləndirərək, Allahın Qanunun Təkrarı 17:17-də İsrail padşahlarına açıq şəkildə qadağan etdiyi bir şeyi edərək, oğullarına yaxşı nümunə olmadı – və xüsusilə də Batşebanı alıb sonra günahını ört-basdır etmək üçün ərinin döyüşdə ölümünü təşkil etdiyi zaman (2 Şamuel 11). Nə pis nümunə!
O, oğullarını oxşar pisliklərdən qorumaq üçün necə mənəvi gücə sahib ola bilərdi? Uşaqlar valideynlərinin addımlarını çox asanlıqla müşahidə edir və izləyirlər. Valideynlər olaraq bunu həmişə yadda saxlayaq! Uşaqlarımıza yalnız yaxşı təlimat və müdrik məsləhət verməyə deyil, həm də onlara Allahsevər bir nümunə göstərməyə diqqət edək!