«İsa dedi: ‘Ata, onları bağışla, çünki nə etdiklərini bilmirlər.’» (Luka 23:34) Rəbb İsa xaçda asılı olanda, deşilmiş əlləri xəstələrə xidmət edə bilməzdi – insani olaraq desək. Dırnaqlarla deşilmiş ayaqları artıq şəhərləri və kəndləri gəzib səltənətin Müjdəsini elan edə bilməzdi. Hətta qaçmış olan şagirdlərini də artıq öyrədə bilməzdi.
Bu dəhşətli saatlarda insanlara xeyir-dua vermək üçün edə biləcəyi heç nə yox idimi? Bəli, dua edə bilərdi – və məhz bunu etdi! O, göy ilə yer arasında asılı olanda, «günahkarlar üçün şəfaət etdi» (Yeşaya 53:12). Hər birimiz üçün vacib bir dərs!
Rəbb İsanın nümunəsi bizi, insani olaraq desək, xilas olmaları qeyri-mümkün görünən insanlar üçün dua etməyə də təşviq edir. Bu vəziyyətdə aramızdan kim bu qatillər üçün imanla dua edərdi? Bəs Allah Oğlunun məhz bu duası təxminən 50 gün sonra 3000 insanın bir anda iman gətirməsinə səbəb olmadımı?
Ən böyük günahkarlar üçün kim dua etdi – Allahın cəmiyyətini qan tökülənə qədər təqib edən, iman edənləri zindanlara atan və şagirdləri Ustalarının adını lənətləməyə məcbur edən? Stefan! Allah buna necə cavab verdi? O, keçmiş lənətçini, təqibçini və həyasız düşməni (bax 1 Timoteyə 1:13) Müjdənin və Allahın cəmiyyətinin xidmətçisinə çevirdi (bax Koloslulara 1:23, 25). Allahın lütfü bu adamı Yeni Əhdi 14 məktub yazmağa və digər həvarilərin hamısından daha çox iş görməyə istifadə etdi (bax 1 Korinflilərə 15:10)!
Hazırda xəstəlik və ya digər şərtlər səbəbindən Rəbb üçün etmək istədiyiniz müəyyən bir işdə fəal ola bilmirsinizmi? Bəlkə də Allah sizi bir kənara çəkib ki, şəfaətin vacib xidmətində daha çox vaxtınızı duaya sərf edəsiniz.
Tanışlarınız arasında iman gətirmələrinin tamamilə ümidsiz göründüyü insanlar üçün dua etməkdən vaz keçməyin. «İnsan üçün bu qeyri-mümkündür, lakin Allah üçün deyil. Çünki Allah üçün hər şey mümkündür» (Mark 10:27)!





