«...aranızda böyük olmaq istəyən hər kəs qulluğunuzda olsun; və aranızda başçı olmaq istəyən hər kəs qulunuz olsun.» (Matta 20:26, 27)
Həqiqi böyüklük nədir?
Bu dünyanın səltənətində böyük adam sərvət və güc sahibi olan kəsdir. Onun əmrlərinə tabe olmağa öyrəşmiş köməkçiləri və assistentləri var. O, hara getsə, V.İ.P. xidməti alır və xüsusi lütflərə nail olur. İnsanlar onun rütbəsinə görə ona hörmət və ehtiramla yanaşırlar. O, heç vaxt alçaq işlərə əl atmalı olmur; həmişə onun üçün bunu edəcək başqaları olur.
Lakin Rəbbimizin Səltənətində işlər tamamilə fərqlidir. Burada böyüklük bizə xidmət edilmə dərəcəsi ilə deyil, bizim xidmət etmə dərəcəmizlə ölçülür. Böyük adam başqaları üçün qul olmağa əyilən kəsdir. Heç bir xidmət çox alçaq deyil.
O, heç bir xüsusi rəftar və ya təşəkkür gözləmir. Corc Vaşinqtonun adamlarından biri onu alçaq bir xidmət edərkən görüb etiraz edərək dedi: «General, siz bunu etmək üçün çox böyük adamsınız.»
Vaşinqton cavab verdi: «Yox, mən tam uyğun ölçüdəyəm.»
Luka 17:7-10-a şərh verərkən, Roy Hession bizə xatırladır ki, «qulun beş əlaməti var:
(1) O, özünə heç bir diqqət yetirilmədən, bir işin üstünə başqa bir işin qoyulmasına razı olmalıdır. (2) Bunu edərkən, buna görə təşəkkür edilməməsinə razı olmalıdır. (3) Bütün bunları etdikdən sonra, ağanı eqoistlikdə ittiham etməməlidir. (4) O, faydasız bir qul olduğunu etiraf etməlidir. (5) O, təvazökarlıq və alçaqgönüllülük yolu ilə etdiyi və dözdüyü hər şeyi öz vəzifəsindən artıq etmədiyini qəbul etməlidir.»
Rəbbimiz bu planetdə İnsan olmaq üçün şöhrət zirvələrini tərk edəndə, «qul surətini aldı» (Filipililərə 2:7).
O, aramızda xidmət edən biri kimi idi (Luka 22:27).
O dedi: «İnsan Oğlu xidmət olunmağa deyil, xidmət etməyə və canını çoxları üçün fidyə verməyə gəldi» (Matta 20:28).
O, özünə dəsmal, qul önlüyü bağladı və şagirdlərinin ayaqlarını yudu (Yəhya 13:1-17).
«Qul ağasından böyük deyil» (Yəhya 13:16).
Əgər O, bizə xidmət etmək üçün bu qədər alçaqgönüllü oldusa, biz niyə başqalarına xidmət etməyi öz ləyaqətimizə yaraşdırmamalıyıq?
W.D.





