1 Başlanğıcda Allah göyləri və yeri yaratdı. 2 Yer quruluşsuz və boş idi. Dərin sular üzərində qaranlıq var idi. Allahın Ruhu suların üzərində dolaşırdı.
3 Allah dedi: «Qoy işıq olsun». İşıq oldu. 4 Allah gördü ki, işıq yaxşıdır. Sonra O, işığı qaranlıqdan ayırdı. 5 Allah işığı «gündüz», qaranlığı isə «gecə» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, birinci gün idi.
6 Sonra Allah dedi: «Qoy suların arasında bir qübbə olsun və suları bir-birindən ayırsın». 7 Allah qübbəni düzəltdi və qübbənin altındakı suları onun üstündəki sulardan ayırdı. Belə də oldu. 8 Allah qübbəni «göy» adlandırdı. Axşam oldu, səhər açıldı; bu, ikinci gün idi.
9 Sonra Allah dedi: «Qoy göyün altındakı sular bir yerə yığılsın ki, quru görünsün». Belə də oldu. 10 Allah qurunu «yer», su yığınlarını isə «dənizlər» adlandırdı. Allah gördü ki, bu, yaxşıdır.
11 Sonra Allah dedi: «Qoy yer üzü bitkilər yetirsin: toxumlar bitirən ot-ələf və torpaqda hər növ bəhərli ağaclar yetişsin. Ağaclar meyvə gətirsin və toxumları meyvələrinin içində olsun». Belə də oldu. 12 Yer üzü bitkilər yetirdi: hər növ toxum bitirən ot-ələf və hər növ ağac yetişdi. Ağaclar meyvə gətirirdi və toxumları meyvələrinin içində idi. Allah gördü ki, bu, yaxşıdır. 13 Axşam oldu, səhər açıldı; bu, üçüncü gün idi.
14 Sonra Allah dedi: «Qoy göy qübbəsində gecəni gündüzdən ayıran çıraqlar olsun. Onlar işarələri, fəsilləri və günlərlə illəri göstərsin. 15 Qoy onlar göy qübbəsində çıraq olub, yer üzünə işıq saçsın». Belə də oldu. 16 Allah iki böyük çıraq düzəltdi: gündüzü idarə etmək üçün böyük çıraq, gecəni idarə etmək üçün kiçik çıraq. O həmçinin ulduzları düzəltdi. 17 Allah onları göy qübbəsinə qoydu ki, yer üzünə işıq saçsın, 18 gündüzü və gecəni idarə etsin, işığı qaranlıqdan ayırsın. Allah gördü ki, bu, yaxşıdır. 19 Axşam oldu, səhər açıldı; bu, dördüncü gün idi.
20 Sonra Allah dedi: «Qoy sular çoxlu canlı məxluqlarla qaynaşsın, yer üstündəki göy qübbəsində quşlar uçsun». 21 Allah nəhəng su əjdahalarını və suda qaynaşan hər növ bütün sürünən canlı məxluqları, həmçinin hər növ bütün qanadlı quşları yaratdı. Allah gördü ki, bu, yaxşıdır. 22 Allah onlara bərəkət verərək dedi: «Törəyib çoxalın və dənizlərdəki suları doldurun, quşlar da yer üzündə çoxalsın». 23 Axşam oldu, səhər açıldı; bu, beşinci gün idi.
24 Sonra Allah dedi: «Qoy yer üzü hər növ canlı məxluqlar – hər növ ev heyvanları, sürünən canlılar və çöl heyvanları əmələ gətirsin». Belə də oldu. 25 Allah hər növ çöl heyvanlarını, hər növ ev heyvanlarını və yerdə sürünən bütün canlıları yaratdı. Allah gördü ki, bu, yaxşıdır.
26 Sonra Allah dedi: «Öz surətimizə və bənzərimizə görə insanı yaradaq. Qoy o, dənizdəki heyvanlara, göydəki quşlara, yerdəki heyvanlara, bütün yer üzünə və yerdə sürünən canlıların hamısına hökmranlıq etsin». 27 Allah insanı Öz surətində yaratdı, Allahın surətində yaratdı, onları kişi və qadın olaraq yaratdı. 28 Allah onlara xeyir-dua verərək dedi: «Törəyib çoxalın və yer üzünü bürüyüb ona sahib olun: dənizdəki heyvanlar, göydəki quşlar, yerdə sürünən bütün canlılar üzərində hökmranlıq edin». 29 Allah dedi: «Budur, yer üzündə toxum verən bütün ot-ələfi və meyvələrində toxumu olan bütün ağacların bəhərini sizə verirəm ki, qidalanasınız. 30 Yerdəki heyvanların, göydəki quşların və yerdə sürünən canlıların hamısına – nəfəsi olan bütün canlılara isə yem olmaq üçün bütün yaşıl otları verirəm». Belə də oldu. 31 Allah gördü ki, yaratdığı hər şey çox yaxşıdır. Axşam oldu, səhər açıldı; bu, altıncı gün idi.
1 Yeşua İsrailin bütün qəbilələrini Şekemə topladı və İsrailin ağsaqqallarını, başçılarını, hakimlərini və məmurlarını çağırdı. Onlar Allahın hüzurunda durdular. 2 Yeşua bütün xalqa dedi: «İsrailin Allahı Rəbb belə deyir: “İbrahimin, Naxorun atası Terah və atalarınız keçmişdə Fərat çayının o biri tayında yaşayırdılar. Onlar başqa allahlara qulluq edirdilər. 3 Atanız İbrahimi Fərat çayının o biri tayından gətirib bütün Kənan torpağında gəzdirdim, nəslini çoxaldaraq ona İshaqı verdim. 4 İshaqa Yaqubu və Esavı verdim. Esavın mülk sahibi olması üçün Seir dağını ona verdim. Yaqubla övladları isə Misirə getdilər. 5 Musa ilə Harunu göndərib Misiri bəlalara düçar etdim və sonra sizi oradan çıxartdım. 6 Atalarınızı Misirdən çıxartdım, siz Qırmızı dənizə tərəf gəldiniz. Misirlilər Qırmızı dənizə qədər döyüş arabaları və süvarilərlə atalarınızı təqib etdilər. 7 Onlar Rəbbə fəryad edəndə O, Misirlilərlə sizin aranızda qaranlıq yaratdı, onların üstünə dənizi gətirdi, onlar suların altında qaldılar. Misirdə etdiyim şeyləri gözünüzlə gördünüz və uzun müddət səhrada yaşadınız.
8 Sizi İordan çayının şərq tərəfində yaşayan Emorlular torpağına gətirdim, onlar sizinlə vuruşanda onları sizə təslim etdim, torpaqlarını isə mülk olaraq aldınız və hamısını qarşınızdan yox etdim. 9 Moav padşahı Sippor oğlu Balaq qalxıb İsraillilərlə vuruşdu və xəbər göndərib Beor oğlu Bilamı sizə lənət etmək üçün çağırdı. 10 Lakin Bilamı eşitmək istəmədim. O da ancaq xeyir-dua verdi. Beləcə sizi onun əlindən azad etdim. 11 İordan çayından keçib Yerixoya gəldiniz. Yerixo adamları, Emorlular, Perizlilər, Kənanlılar, Xetlilər, Qirqaşlılar, Xivlilər, Yevuslular sizə qarşı vuruşdular, lakin onları sizə təslim etdim. 12 Sizin önünüzcə eşşəkarısı çıxarıb onunla Emorluların iki padşahını qarşınızdan qovdum. Bu iş sizin qılıncınızla və ox-kamanınızla olmadı. 13 Üzərində işləmədiyiniz bir torpağı, tikmədiyiniz şəhərləri sizə verdim ki, orada yaşayasınız. Salmadığınız bağlardan və zeytunluqlardan yeyirsiniz”.
14 Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin. 15 Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
16 Xalq cavab verdi: «Rəbbi tərk edib başqa allahlara qulluq etmək qoy bizdən uzaq olsun! 17 Çünki bizi və atalarımızı Misir torpağından – köləlik diyarından çıxaran, gözümüzün qarşısında bu böyük əlamətləri göstərən və getdiyimiz bu yolda, arasından keçdiyimiz bütün xalqlar arasında bizi qoruyan yalnız Allahımız Rəbdir. 18 Rəbb bütün xalqları, bu torpaqda yaşayan Emorluları qarşımızdan qovdu. Biz də Rəbbə qulluq edəcəyik, çünki Allahımız Odur».
19 Yeşua xalqa dedi: «Rəbbə qulluq edə bilməzsiniz, çünki O, müqəddəs Allahdır. O, qısqanc Allahdır, qanunsuzluğunuzu və günahlarınızı bağışlamayacaq. 20 Əgər Rəbbi tərk edib yad allahlara qulluq etsəniz, sizə yaxşılıq edən Rəbb əleyhinizə dönüb pislik edəcək və sizi məhv edəcək». 21 Xalq Yeşuaya dedi: «Xeyr, ancaq Rəbbə qulluq edəcəyik». 22 Yeşua xalqa dedi: «Qulluq etmək üçün Rəbbi seçdiyinizə siz özünüz şahidsiniz». Onlar «biz şahidik» dedilər. 23 Yeşua dedi: «Elə isə indi aranızda olan yad allahları atın, ürəyinizi İsrailin Allahı Rəbbə meyl etdirin». 24 Xalq Yeşuaya dedi: «Allahımız Rəbbə qulluq edəcəyik və yalnız Onun sözünə qulaq asacağıq».
25 Yeşua o gün xalqla əhd bağladı. Onlar üçün Şekemdə qanun və hökm qoydu. 26 Yeşua bu sözləri Allahın Qanun kitabına yazdı. Sonra böyük bir daş götürüb Rəbbin Müqəddəs məkanının yanında olan palıd ağacı altında yerləşdirdi. 27 Yeşua bütün xalqa dedi: «Budur, bu daş bizə qarşı şahid olacaq, çünki Rəbbin bizə dediyi bütün sözləri o eşitdi. Qoy bu daş Allahınızı inkar etməmək üçün sizə qarşı şahid olsun». 28 Bundan sonra bütün xalqı irs aldığı torpaqlara göndərdi.
29 Bu hadisələrdən sonra Rəbbin qulu Nun oğlu Yeşua yüz on yaşında vəfat etdi. 30 Onu Qaaş dağının şimalında, Efrayimin dağlıq bölgəsindəki Timnat-Serahda irs olan torpağının sahəsində dəfn etdilər.
31 Yeşuanın bütün ömrü boyu və ondan sonra sağ qalan, Rəbbin İsrail üçün etdiyi bütün işləri bilən ağsaqqalların ömrü boyu İsrail xalqı Rəbbə qulluq etdi.
32 İsraillilər Misirdən çıxarkən Yusifin sümüklərini özləri ilə götürmüşdülər. Bunları Yaqubun Şekemdəki tarlasında basdırdılar. Yaqub bu tarlanı Şekemin atası Xamorun övladlarından yüz parça gümüşə satın almışdı və bu torpaq Yusif övladlarının irsi oldu.
33 Bundan sonra Harun oğlu Eleazar öldü. Onu Efrayimin dağlıq bölgəsində oğlu Pinxasa verilən təpədə dəfn etdilər.
14 Ona görə də Rəbdən qorxun, səmimiyyətlə və sədaqətlə Ona qulluq edin. Fərat çayının o biri tərəfində və Misirdə atalarınızın qulluq etdiyi allahları atın, yalnız Rəbbə qulluq edin. 15 Əgər Rəbbə qulluq etmək gözünüzdə pisdirsə, bu gün kimə qulluq edəcəyinizi özünüz seçin. Atalarınızın qulluq etdikləri Fərat çayının o tayındakı allahlaramı, yoxsa torpaqlarında yaşadığınız Emorluların allahlarınamı qulluq edəcəksiniz? Amma mən və mənim evimdəkilər Rəbbə qulluq edəcək».
Yaradiliş · Yeşua 24 · Yeşua 24:14–15 · AZJ08
Yeşua kitabının 24-cü fəslində biz Yeşuanın öz xalqı İsrailə və xüsusilə onların rəhbərlərinə son təntənəli ictimai müraciətini eşidirik. O, qısa şəkildə onların tarixinə ilahi ilhamla nəzər salaraq başlayır. Biz burada Yaradılış kitabında qeyd olunmayan faktları tapırıq: məsələn, İbrahimin atası Terahın və digər əcdadlarının bütpərəst olması. İbrahimin çağırışı və onun nəslinin Misirdə necə yaşadığı, İsrailin əsarətdən qurtuluşu ümumiləşdirilir. “Siz uzun müddət səhrada yaşadınız” ifadəsi səhrada keçən 40 ili əhatə edir. Biz burada görürük ki, Kənanın fəthi İsraillilərin qılıncları və yayları nəticəsində baş verməmişdir. Allah İsrail üçün döyüşmüşdü!
Bu təntənəli nəzərdən sonra bir çağırış və nəsihət gəlir: “Rəbbdən qorxun, Ona səmimiyyətlə və həqiqətlə xidmət edin.” Lakin bunu etmək üçün bəzilərinin hələ də yapışdığı yalançı tanrıları kənara qoymalı idilər. Allah başqa tanrılar arasında bir tanrı olmaqla kifayətlənmir – O, Öz izzətini heç nə ilə və heç kimlə bölüşməyəcək! Bu, Yeşuanın dövründə olduğu kimi bu gün də doğrudur.
İsrail nə seçsə də, Yeşuanın mövqeyi aydın idi: o və onun evi Rəbbə xidmət edəcəkdi. Yeşua tezliklə dünyadan köçəcəkdi, lakin o, ailəsini Rəbbi tanımağa və Ona xidmət etməyə öyrətmişdi. Qoy bu, hər birimiz və ailələrimizdəki hər kəs üçün də belə olsun!