Övladlarım, bunları sizə yazıram ki, günah etməyəsiniz. Əgər kimsə günah etsə belə, Atanın hüzurunda Vəsatətçimiz var; O, saleh olan İsa Məsihdir. O bizim günahlarımıza görə – təkcə bizim günahlarımıza görə deyil, bütün dünyanın günahlarına görə kəffarə qurbanıdır.
1 YƏHYA 2:1-2
İsrailli gözətçilər fironun yanından çıxanda yolda durub onları gözləyən Musa və Harunla rastlaşıb dedilər: «Qoy Rəbb sizin nə etdiyinizi görsün və sizi məhkum etsin! Siz bizi fironla əyanlarının gözündə iyrənc etdiniz və bizi öldürmək üçün əllərinə qılınc verdiniz».
Musa Rəbbə müraciət edib dedi: «Ey Xudavənd, nə üçün xalqı belə bəlaya saldın? Məni niyə göndərdin?
ÇIXIŞ 5:20-22
Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün,
Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır!
Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq,
Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək.
ZƏBUR 85:9-10
Amma Sən bağışlayansan,
Ona görə hamı Səndən çəkinir.
ZƏBUR 130:4
Ey İsrail, Rəbbə ümidini bağla!
Çünki Rəbdə məhəbbət var,
Onda bol-bol qurtuluş var.
Ey İsrail, O səni
Bütün təqsirlərindən azad edər!
ZƏBUR 130:7-8
Çünki hamı günah edib, Allahın izzətindən məhrum olub və Onun lütfü ilə də Məsih İsada satın alınmağa nail olaraq bir hədiyyə kimi saleh sayılır. Allah İsanı kəffarə qurbanı olaraq təqdim etdi ki, iman edənlərin günahları Onun qanı vasitəsilə bağışlansın. Bunu Öz salehliyini göstərmək üçün etdi. Çünki səbirli olub qabaqca edilən günahları cəzasız qoymuşdu.
ROMALILARA 3:23-25