Hizqiyanın atasının ölümündən sonra etdiyi ilk şey Rəbbin evinin qapılarını açmaq, onları təmir etmək və kahinləri və lavililəri həm özlərini, həm də Rəbbin evini təqdis etməyə çağırmaq idi. Hizqiya etiraf edir ki, ataları vəfasız olub və Rəbbin gözündə pis işlər görüblər. İndi o, Allahla əhd bağlamaq istəyirdi, «ki, Onun yanan qəzəbi bizdən dönsün». Sonra o, şəxsən kahinləri və lavililəri laqeyd olmamağa təşviq edir, çünki Rəbb onları xüsusi olaraq Öz qarşısında durmaq, Ona xidmət etmək və Onun xidmətçiləri olmaq üçün seçmişdi.
Hizqiyanın hərəkətindəki sürətlilikdə və sözlərində bizə necə bir səy çağırışı var! Bizim də Hizqiya kimi Allahın işləri ürəyimizdədirmi? Məsihdə olan hər kəs padşah və kahin edilmişdir və biz də səy göstərməyə çağırılmışıq!
Əgər xristian dünyasında işlər pozulubsa, biz əvvəlki nəslə ittiham barmağı uzatmamalıyıq. Biz eyni deyilikmi? Özümüzü mühakimə edək. Biz mütləq keçmişdən dərs almalı və Allahın qarşısında yaxşı və xoşagələn işlər görməliyik. Hizqiyanın etdiyi bizim üçün də uyğundur. Birincisi, həyatımızdan bütün çirkabları, Allahın məbədinə yaraşmayan hər şeyi təmizləmək – çünki biz Allahın məbədiyik (1 Korinflilərə 3:16). Sonra, Rəbb İsanın şahidliyini verməkdə, Onun bədəninin üzvləri kimi Ona xidmət etməkdə və Məsih vasitəsilə davamlı olaraq «Allaha şükür qurbanı, yəni Onun adını tərifləyən dodaqların meyvəsini» (İbranilərə 13:15) təqdim etməkdə laqeyd olmamağı özümüzə xatırladaq.
«Çünki Sənin evinə olan qeyrət məni yeyib bitirdi» (Zəbur 69:9).
