1 Şeytan İsraillilərə qarşı qalxdı və Davudu İsrailliləri siyahıya almağa təhrik etdi. 2 Davud Yoava və xalqın başçılarına dedi: «Gedin, Beer-Şevadan Dana qədər İsrailliləri siyahıya alın və siyahını mənə gətirin ki, onların sayını bilim». 3 Yoav dedi: «Rəbb xalqını olduğundan yüz qat artıq etsin. Ancaq, ağam padşah, onların hamısı ağamın qulları deyilmi? Nə üçün ağam bunu istəyir? Nə üçün bu, İsrailə cəza gətirsin?» 4 Lakin padşahın sözü Yoava üstün gəldi. Yoav çıxıb bütün İsraili dolaşdı və sonra Yerusəlimə gəldi. 5 O, xalqın siyahısını Davuda verdi. Bütün İsraildə qılınc çəkən bir milyon yüz min nəfər, Yəhudada isə qılınc çəkən dörd yüz yetmiş min nəfər adam var idi. 6 Ancaq Yoav onların arasında Levililəri və Binyaminliləri siyahıya almadı, çünki padşahın sözündən acığı gəlmişdi.
7 Bu iş Allahın gözündə pis oldu və O, İsrailə cəza verdi. 8 Davud Allaha dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, yalvarıram, bu qulunun təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 9 Rəbb Davudun görücüsü Qada dedi: 10 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənə üç şey təklif edirəm, özün üçün bunların birini seç ki, sənə edim”». 11 Qad Davudun yanına gəlib ona dedi: «Rəbb belə deyir: “Özün üçün seç: 12 ya üç il aclıq olacaq ya üç ay düşmənlərin səni təqib edəcək və onların qılıncı səni vuracaq ya da üç gün Rəbbin qılıncı olan vəba ölkənin üzərinə gələcək və Rəbbin mələyi İsrailliləri hər yerdə qıracaq”. İndi qərar ver görək məni göndərənə nə cavab verim?» 13 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşüncə qoy Rəbbin əlinə düşüm, çünki Onun rəhmi çox böyükdür».
14 Beləcə Rəbb İsrail üzərinə vəba göndərdi və İsraillilərdən yetmiş min nəfər həlak oldu. 15 Allah Yerusəlimin əhalisini həlak etmək üçün bir mələk göndərdi. Mələk onları həlak edərkən Rəbb bunu görüb bu bəlaya görə təəssüfləndi və həlak edən mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Ornanın xırmanının yanında dayandı. 16 Davud başını qaldırıb Rəbbin mələyini gördü. Mələk əlindəki siyrilmiş qılıncı Yerusəlimin üzərinə uzadaraq yerlə göyün arasında dayanmışdı. Çula bürünən Davud və ağsaqqallar üzüstə yerə qapandı. 17 Davud Allaha dedi: «Xalqı siyahıya almağı əmr edən mən deyildimmi? Mən günah etdim və həqiqətən, pis iş gördüm, bəs bu yazıq xalq nə edib? Ya Rəbb Allahım, qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın, amma Öz xalqına vəba göndərmə».
18 Rəbbin mələyi Davuda söyləmək üçün Qada dedi: «Qoy Davud çıxıb Yevuslu Ornanın xırmanında Rəbbə bir qurbangah düzəltsin». 19 Rəbbin adı ilə Qadın söylədiyi sözə görə Davud çıxdı. 20 Ornan geri dönüb mələyi gördü. Onunla birgə olan dörd oğlu gizləndi, Ornan isə yenə də buğda döyürdü. 21 Davud Ornanın yanına gələndə Ornan baxıb Davudu gördü, xırmandan çıxdı və ona yerə qədər təzim etdi. 22 Davud Ornana dedi: «Bu xırmanını mənə ver ki, burada Rəbb üçün qurbangah tikim, onu mənə tam dəyərinə sat. Beləcə xalqın üzərinə gələn vəba dayansın». 23 Ornan Davuda dedi: «Götür, havayı sənin olsun, ağam padşah gözündə xoş olanı etsin. Mən yandırma qurbanı olaraq öküzləri, odun yerinə vəlləri və taxıl təqdimi kimi buğdanı verirəm, bunların hamısını verirəm». 24 Padşah Davud Ornana dedi: «Yox, mütləq tam dəyərinə satın alacağam, çünki sənin malını Rəbb üçün götürmərəm, havayı malı yandırma qurbanı vermərəm». 25 Buna görə də Davud bu yer üçün Ornana çəkisi altı yüz şekel qızıl verdi. 26 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. O, Rəbbi çağırdı, Rəbb də yandırma qurbanlarının gətirildiyi qurbangaha göydən od göndərib ona cavab verdi. 27 Rəbb mələyə əmr etdi, o da qılıncını qınına qoydu.
28 Davud Yevuslu Ornanın xırmanında Rəbbin ona cavab verdiyini gördükdə orada qurban kəsdi. 29 Musanın səhrada düzəltdiyi Rəbbin məskəni və yandırma qurbanları üçün düzəldilən qurbangah o vaxt Giveondakı səcdəgahda idi. 30 Ancaq Davud Allahdan soruşmaq üçün Onun hüzuruna gedə bilmədi, çünki Rəbbin mələyinin qılıncından qorxurdu.
1 Padşah Xizqiya bunu eşidəndə paltarını cırdı və çula bürünüb Rəbbin məbədinə girdi. 2 O, saray rəisi Elyaqimi, mirzə Şevnanı və kahinlərin ağsaqqallarını çula bürünmüş halda peyğəmbər Amots oğlu Yeşayanın yanına göndərdi. 3 Onlar Yeşayaya dedilər: «Xizqiya belə deyir: “Bu gün bəla, təhqir və rüsvayçılıq günüdür, çünki uşaqların doğulması vaxtı çatıb, ancaq doğmağa güc yoxdur. 4 Bəlkə ağası Aşşur padşahının var olan Allahı təhqir etməyə göndərdiyi baş vəzirin bütün sözlərini Allahın Rəbb eşidib buna görə məzəmmət edər. Ona görə də qalanlar üçün dua et”». 5 Padşah Xizqiyanın adamları Yeşayanın yanına gələndə 6 Yeşaya onlara dedi: «Ağanıza söyləyin ki, Rəbb belə deyir: “Aşşur padşahının nökərlərinin Mənə qarşı küfr edərək söylədiyi və sənin eşitdiyin sözlərdən qorxma. 7 Mən onun daxilinə elə bir ruh göndərəcəyəm ki, bir xəbər eşidib öz ölkəsinə qayıdacaq və orada onu qılıncla öldürtdürəcəyəm”».
8 Baş vəzir geri qayıdıb Aşşur padşahının Livna üzərinə hücum etdiyini gördü. Çünki Lakişdən geri çəkildiyini eşitmişdi. 9 Aşşur padşahına «Kuş padşahı Tirhaqa sənin üstünə vuruşmağa gəlir» xəbəri çatdı. O, Xizqiyanın yanına yenidən qasidlər göndərib dedi: 10 «Yəhuda padşahı Xizqiyaya belə söyləyin: “Qoy güvəndiyin Allahın ‹Yerusəlim Aşşur padşahına təslim edilməyəcək› deyə səni aldatmasın. 11 Axı sən eşitdin ki, Aşşur padşahları bütün ölkələrə nə ediblər, oraları necə viran ediblər. Sən qurtula biləcəksənmi? 12 Atalarımın məhv etdikləri millətlərin – Qozanın, Xaranın, Resefin və Telassarda olan Edenlilərin allahları onları qurtardımı? 13 Hanı Xamat padşahı, Arpad padşahı, Sefarvayim şəhərinin, Henanın və Avvanın padşahı?”»
14 Xizqiya məktubu qasidlərdən alıb oxudu. O, Rəbbin məbədinə qalxıb məktubu Rəbbin önündə yerə sərdi. 15 Xizqiya Rəbbin önündə dua edib dedi: «Ey keruvlar üstündə əyləşən İsrailin Allahı Rəbb! Bütün dünya padşahlıqlarının Allahı yalnız Sənsən. Göyü və yeri Sən yaratmısan. 16 Ya Rəbb, qulağın eşitsin, gözün görsün, Sanxerivin var olan Allaha qarşı küfr edərək göndərdiyi sözlərə qulaq as. 17 Ya Rəbb, doğrudur, Aşşur padşahları millətləri və onların torpaqlarını talan etdilər, 18 allahlarını oda atıb məhv etdilər. Çünki onlar Allah deyildi, insanlar onları ağac və daşdan düzəltmişdilər. 19 Ey Allahımız Rəbb, indi isə yalvarıram, bizi onun əlindən qurtar və bütün dünya padşahlıqları bilsinlər ki, ya Rəbb, Sən, yalnız Sən Allahsan!»
20 Amots oğlu Yeşaya Xizqiyaya xəbər göndərib dedi: «İsrailin Allahı Rəbb belə deyir: “Aşşur padşahı Sanxeriv barədə Mənə etdiyin duanı eşitdim”. 21 Onun haqqında Rəbbin söylədiyi söz budur:
“Bakirə Sion qızı
Sənə xor baxıb lağ edir,
Yerusəlim qızı
Sənin arxanca başını bulayır.
22 Kimi söyüb küfr etdin?
Kimə qarşı səsini qaldırdın?
Kimə lovğalıqla baxdın?
İsrailin Müqəddəsinə!
23 Qasidlərinin vasitəsilə
Rəbbi təhqir edib dedin:
‹Çoxlu döyüş arabalarımla
Dağların zirvəsinə,
Livanın ən uca yerlərinə çıxdım.
Uca sidr ağaclarını,
Gözəl sərv ağaclarını kəsdim,
Ən son məskəninə,
Yaşıl meşələrinə girdim.
24 Quyu qazdım və özgə sularını içdim,
Misirin bütün çaylarını ayağımla qurutdum›.
25 Məgər eşitməmisən ki,
Mən çoxdan bu işi hazırladım,
Qədimdən bəri müəyyən etdiyimi
İndi yerinə yetirirəm ki,
Sən qalalı şəhərləri dağıdıb
Viranəliyə çevirəsən.
26 Bu şəhərlərin sakinləri zəiflədi,
Çaşqınlığa və xəcalətə düşdülər.
Yetişməmişdən əvvəl yandırılan
Çöl otu, göyərti və damda bitən ot kimi oldular.
27 Sənin oturuşunu,
Girişini-çıxışını,
Mənə qarşı hiddətini bilirəm.
28 Mənə qarşı hiddətləndiyinə görə,
Lovğalığın qulağıma çatdığına görə
Halqamı burnuna və yüyənimi ağzına taxacağam,
Səni gəldiyin yolla geri qaytaracağam.
29 Ancaq sənin üçün əlamət budur, ey Xizqiya!
Bu il və gələn il özü yetişən barını,
Üçüncü il isə taxıl zəmilərini,
Üzüm bağları salıb onların bəhrəsini yeyin.
30 Yəhuda nəslindən xilas olub qalanlar
Yenə aşağıya doğru kök atacaqlar,
Yuxarıya doğru bəhrə verəcəklər.
31 Çünki qalanlar Yerusəlimdən,
Xilas olanlar Sion dağından çıxacaqlar.
Rəbbin qeyrəti bunu edəcək”.
32 Buna görə Aşşur padşahı barədə Rəbb belə deyir:
“O bu şəhərə girməyəcək,
Oraya ox atmayacaq,
Qarşısına qalxanla çıxmayacaq,
Qala önündə torpaq qalağı qurmayacaq.
33 Ancaq gəldiyi yolla geri qayıdacaq,
Bu şəhərə girməyəcək”
Rəbb belə bəyan edir.
34 “Mən bu şəhəri Özüm üçün,
Qulum Davudun xatirinə qoruyub xilas edəcəyəm”».
35 O gecə Rəbbin mələyi çıxıb Aşşur ordugahında yüz səksən beş min nəfəri qırdı. Səhər erkən qalxıb gördülər ki, onların hamısı öldürülüb. 36 Aşşur padşahı Sanxeriv geri çəkilib getdi və Ninevada qaldı. 37 O öz allahı Nisrokun məbədində səcdə edərkən oğulları Adrammelek və Şareser onu qılıncla öldürdülər və Urartu ölkəsinə qaçdılar. Sanxerivin yerinə oğlu Esar-Xaddon padşah oldu.
1 İsrailə qarşı Rəbbin qəzəbi yenə də alovlandı və «get, İsraillilərlə Yəhudalıları say» deyə Davudu onlara qarşı təhrik etdi. 2 Padşah yanındakı ordu başçısı Yoava dedi: «İndi Dandan Beer-Şevaya qədər İsrailin bütün qəbilələri arasında dolanın və xalqı siyahıya alın ki, sayını bilim». 3 Yoav padşaha dedi: «Xalqın nə qədərdirsə, qoy Allahın Rəbb onu yüz qat artıq etsin və ağam padşah bunu gözləri ilə görsün. Axı niyə belə şeylər ağam padşahın xoşuna gəlir?» 4 Lakin padşahın sözü Yoava və onun ordu başçılarına üstün gəldi. Yoavla ordu başçıları İsrail xalqını siyahıya almaq üçün padşahın hüzurundan çıxdı. 5 İordan çayını keçdilər və Qad vadisinin ortasında olan şəhərin cənubunda – Aroerdə düşərgə qurdular. 6 Sonra Yazerə, Gileada və Taxtim-Xodşi torpağına getdilər və Dan-Yaanı keçib Sidona çatdılar. 7 Sur qalasına və Xivlilərlə Kənanlıların bütün şəhərlərinə yetişib, nəhayət, Yəhudanın cənubunda olan Beer-Şevaya gəldilər. 8 Bütün ölkəni dolandılar və doqquz ay iyirmi gün keçəndən sonra Yerusəlimə qayıtdılar. 9 Yoav xalqın siyahısını padşaha verdi. İsraildə qılınc çəkən səkkiz yüz min igid, Yəhudada isə beş yüz min igid var idi.
10 Lakin xalqı sayandan sonra Davud vicdan əzabı çəkdi. O, Rəbbə dedi: «Bu işi görməklə böyük günah etdim. İndi isə, ya Rəbb, yalvarıram, qulunun bu təqsirindən keç, çünki çox ağılsızlıq etmişəm». 11 Davud ertəsi gün səhər qalxanda Rəbb Davudun görücüsü Qad peyğəmbərə sözünü bildirib dedi: 12 «Get, Davuda söylə ki, Rəbb belə deyir: “Sənin qarşına üç şey qoyuram, özün üçün bunların birini seç ki, sənə edim”». 13 Qad Davudun yanına gəlib bunu bildirdi: «Sənin ölkəndə yeddi il aclıq olsun, yoxsa səni təqib edən düşmənlərin önündə üç ay qaçasan yaxud da ölkəndə üç gün vəba olsun? İndi yaxşı fikirləş və qərar ver, məni Göndərənə mən nə cavab verim?» 14 Davud Qada dedi: «Mənim üçün çox çətindir. İnsan əlinə düşməkdənsə qoy Rəbbin əlinə düşək, çünki Onun rəhmi çoxdur».
15 Beləcə Rəbb sabahdan təyin olunan vaxta qədər İsrailin üzərinə vəba göndərdi. Dandan Beer-Şevaya qədər xalqdan yetmiş min nəfər öldü. 16 Xalqı həlak edən mələk Yerusəlimi məhv etmək üçün oraya doğru əlini uzadanda Rəbb verəcəyi bəladan vaz keçib mələyə dedi: «Bəsdir, əl saxla!» Rəbbin mələyi Yevuslu Aravnanın xırmanının yanında idi. 17 Davud xalqı qıran mələyi görən zaman Rəbbə belə dedi: «Budur, günah edən mənəm, mən təqsirkaram. Bəs bu yazıq xalq nə edib? Qoy Sənin əlin mənim və ata nəslimin əleyhinə qalxsın».
18 O gün Qad Davudun yanına gəlib dedi: «Çıx, Yevuslu Aravnanın xırmanında Rəbbə bir qurbangah düzəlt». 19 Qadın sözü ilə Davud Rəbbin əmr etdiyi kimi çıxdı. 20 Aravna aşağı baxıb gördü ki, padşahla əyanları onlara tərəf gəlir. O bayıra çıxıb padşahın qarşısında yerə qədər təzim etdi və dedi: 21 «Ağam padşah nə əcəb bu qulunun yanına gəlib?» Davud dedi: «Rəbbə qurbangah qurmaq üçün səndən bu xırmanını satın almağa gəldim ki, xalqın üzərinə gələn vəba dayansın». 22 Aravna Davuda dedi: «Qoy ağam padşah öz gözünə xoş görünəni götürsün və Rəbbə təqdim etsin. Budur yandırma qurbanı üçün öküzlər, yandırmağa odun yerinə vəllər və öküzlərin boyunduruqları. 23 Ey padşah, Aravna bunların hamısını sənə verir». Aravna padşaha yenə dedi: «Qoy Allahın Rəbb səndən razı olsun». 24 Lakin padşah Aravnaya dedi: «Belə yox, amma səndən bunu mütləq qiymət qoyub satın alacağam. Çünki mən havayı malı Allahım Rəbbə yandırma qurbanı vermərəm». Beləliklə, Davud xırmanı və öküzləri əlli şekel gümüşə satın aldı. 25 Davud orada Rəbbə bir qurbangah düzəldib yandırma qurbanları və ünsiyyət qurbanları təqdim etdi. Rəbb ölkə üçün edilən duaları qəbul etdi və İsrailin üzərinə gələn vəbanı dayandırdı.
Bi̇ri̇nci̇ Salnamələr 21 · İki̇nci̇ Padşahlar 19 · İki̇nci̇ Şamuel 24 · AZJ08
Müqəddəs Yazılarda böyük Allahımız bizə göstərir ki, O, təkəbbürə nifrət edir və onunla çox sərt şəkildə davranır. Allahın Kəlamındakı nümunələr bizə göstərir ki, fərdlər öz təkəbbürləri ilə Allaha qarşı çıxmaqla özlərinə və bir çox başqalarına necə fəlakət gətirdilər.
Çıxış 5:2-də Firon, Misir hökmdarı dedi: “Rəbb kimdir ki, İsraili buraxmaq üçün Onun səsinə qulaq asım? Mən Rəbbi tanımıram, İsraili də buraxmayacağam.” Allah ona kim olduğunu, Rəbb olduğunu Misirə on bəla göndərərək göstərdi, bunlardan sonuncusu bütün Misirlilərin ilk doğulan oğullarının həyatına başa gəldi.
Davud təkəbbürlə İsrailin bütün döyüşçülərini saydırdıqda, 2 Samuel 24 və 1 Salnamələr 21-də, Allah İsrailə elə şiddətli bir bəla göndərdi ki, üç gün ərzində İsrailin 70.000 adamı öldü.
Assuriya kralı Sanherib Yerusəlimi mühasirəyə almaq üzrə ikən, Yəhuda kralı Hizekiyaya təkəbbürlü, lovğa, küfr dolu bir məktub göndərdi. Yeşaya 37 və 2 Krallar 19-da biz Hizekiyanın məktubu məbəddə Allahın qarşısında açdığını görürük. Bundan sonra Allah bir mələk göndərdi ki, bir gecədə 185.000 Assuriya əsgərini məhv etdi, nəticədə Sanherib rüsvayçılıqla Assuriyaya qayıtdı.
Daniel 5-də Babil kralı Belşassar, Yerusəlimdəki Allahın məbədindən götürülmüş qabları sərxoş ziyafəti üçün istifadə etdi. Elə həmin gecə Babil Midiyalılar və Farslar tərəfindən fəth edildi və Belşassar öldürüldü.
Bu adamlarla Özünü alçaldan, ölümə, xaç üzərində ölümə itaətkar olan Şəxs arasında necə də böyük bir fərq var! Onun böyük əməli vasitəsilə saysız-hesabsız milyonlar əbədi qurtuluş almışdır.