Ətraf millətlərin mərkəzində olan İsrail öz müdrikliyi və anlayışı ilə seçilməli idi (Qanunun təkrarı 4:6). Bu müdriklik və anlayış yeganə həqiqi Allahı tanımaqdan, Onu dinləməkdən və Ona tabe olmaqdan ibarət idi. İsrailə qonşu olan o millətlər bütlərə ibadət edirdilər. Nəticədə onlar «düşüncələrində boşluğa düşdülər və ağılsız ürəkləri qaraldı; özlərini müdrik hesab edərək axmaq oldular və ölməz Allahın şöhrətini ölümlü insana, quşlara, dördayaqlı heyvanlara və sürünənlərə bənzər bir surətə çevirdilər» (Romalılara 1:21-23). İsrailin burada qorunmalı olduğu dəhşətli bütpərəstlik günahı budur. Bu gün, bütpərəst ölkələr istisna olmaqla, biz bu kobud bütpərəstlik formasına nadir hallarda rast gəlirik. Lakin Yeni Əhd bu adı digər günahlara verir: məsələn, tamahkarlıq və bizə ciddi şəkildə xəbərdarlıq edir ki, heç bir bütpərəst Allahın səltənətini miras almayacaq (Efeslilərə 5:5; 1 Korinflilərə 6:9-10).
İsrailə xəbərdarlıq edərkən, Allah ondan nəyin baş verəcəyini gizlətmir: xalq özünü korlayacaq, bütpərəst tanrılara xidmət edəcək. Allahın Kəlamı heç vaxt bizi təbii ürəklərimizin nəyə qadir olduğu barədə yaltaqlamır və ya aldatmır.