İlk yeddi fəsildə qurbanlar mövzusunu öyrəndik və indi kahinlik mövzusuna gəlirik. Əgər günahkarın qurbana ehtiyacı varsa, imanlının da ona həvalə edilmiş xidməti yerinə yetirmək üçün bir kahinə ehtiyacı var. İndi Məsihdə biz həm birini, həm də digərini tapırıq. Bizi Allahla əlaqəyə gətirmək üçün Özünü mükəmməl Qurban olaraq təqdim edən Odur və indi də bizi bu əlaqədə saxlamaq üçün Baş Kahinin vəzifələrini yerinə yetirən Odur. Kahin olmazdan əvvəl Qurban olması lazım idi.
Çıxış 29-da RƏBBİN Musaya Harunun və oğullarının təqdisi üçün verdiyi təlimatları qeyd etdik. Bu mərasimin baş tutması üçün vaxt gəlib çatdı. İsrailin bütün yığıncağı çadırın girişinə çağırılır ki, orada iştirak etsin və Harunu izzət və gözəllik geyimlərində görsün. İbranilərə məktubun, bəzən «açılmış göylərin məktubu» adlandırılan məktubun imanımızla bağlı təqdim etdiyi görüntü nə qədər də möhtəşəmdir. O, bizi «imanımızın Həvarisi və Baş Kahini Məsih İsanı» Onun kahinliyinin bütün izzətli atributlarında geyinmiş halda «nəzərdən keçirməyə» dəvət edir (İbranilərə 3:1).