Yuxunun əhəmiyyətini kəşf etdikdə Danielin qəlbində baş verən daxili münaqişəni yaxşı başa düşə bilərik. Belə şəraitdə həqiqəti söyləmək ölüm riski daşıyır. Lakin o, çəkinmir. Allahdan aldığı tapşırığın şüuru ona padşahın gözləri qarşısında taleyinin planını açmaq üçün cəsarət verir. Belə cəsarət nə hikməti, nə də nəzakəti istisna etmir; o, duzla dadlandırılmış lütf ruhunda danışmağı bacarır (Koloslulara 4:6). Qoy Rəbb bu sadiq qulun nümunəsi ilə bizi ruhlandırsın. Biz, Kəlamdan tövbə etməyən günahkarların əbədi taleyinin nə olacağını bilənlər, insanları incitməkdən qorxaraq həqiqətin bu dəhşətli tərəfini gizlətməməliyik.
Padşahın bir şəkli olan böyük ağac, həm də ümumilikdə dünyanı təmsil edir (bax Yezekel 31:3-9). Təkəbbürlü və çiçəklənən (4-cü ayə), dünya insan nəslinin bütün ehtiyaclarını və bütün istəklərini təmin etmək üçün təşkil olunmuşdur. Onun qoruyucu kölgəsi və müxtəlif «budaqları» zahirən hər kəsə bir yer və qida təklif edir (21-ci ayə). Dünya yalnız bir şeyi unudur, o da «Uca Allahın hökmranlıq etməsidir» (25-ci ayə). Nəticədə, hökm onun üzərinə düşəcək və Allah, Öz Kəlamı ilə hər kəsi bundan xəbərdar edir: «Günahlarından dön,» deyir (27-ci ayə), «və Allahla barış» (müq. İşaya 58:6-7).
