İndi biz tez-tez çətinliyinə görə laqeyd yanaşılan Hezekiel kitabına gəlirik. Gəlin Rəbbdən xüsusilə kömək istəyək ki, onun öyrənilməsindən ruhən inkişaf edək.
Bu peyğəmbər, müasiri Yeremya kimi, bir kahin idi; lakin, Yeremya Yerusəlimdə yaşayarkən, Hezekiel Yehoiakinin hakimiyyəti dövründə «Kaldelilər diyarına» aparılan əsirlərin ilk karvanının üzvü olmuşdu (v. 3). Məhz orada, Kebar çayı kənarında, Allahın Kəlamı ona ünvanlanır və o, qeyri-adi bir görüntünün şahidi olur. Odun və cilalanmış tuncun (hərfən bürünc) ortasında, hüquqlarını həyata keçirən ilahi salehliyin bir növü olaraq, peyğəmbər dörd qəribə məxluq görür ki, bunlar Allahın müqəddəsliyinin qoruyucuları və müdafiəçiləri olan keruvimlərdir (Hezekiel 10:1-22). Onların xüsusiyyətləri: üzləri, qanadları, ayaqları və əlləri bir çox simvollardır ki, Allah bunlarla Öz atributlarını salehlikdə və hökmdə bildirmək istəyir: zəka, güc, səbir, sürət, müvafiq olaraq insan, şir, öküz və qartal üzləri ilə təmsil olunur. Bu simvollar bir çox başqaları ilə birlikdə Vəhy kitabında da görünür ki, bu da hökm kitabıdır (bax Vəhy 4:6-7).