Allah Oğluna təkcə Lazarın dirilməsi ilə deyil, həm də bu möhtəşəm hadisənin bir neçə şahidini Ona iman etməyə yönəltməklə cavab verdi (42, 45-ci ayələr). Lakin bu möcüzə, bu İncildə qeydə alınan ən böyük və Öz dirilməsindən əvvəlki sonuncu möcüzə, həm də Onun ölümünü təyin edən möcüzədir, çünki «o gündən etibarən» ali cinayətlə nəticələnəcək qorxunc sui-qəsdlər hazırlanır (53-cü ayə). Beləliklə, yəhudilər Rəbbin onlara verdiyi suala cavab verirlər (Yəhya 10:32).
Kahinlər Rəbb İsaya tabe olmaqla insanların romalılardan qisas almasından qorxduqlarını iddia edirlər. Lakin əksinə, Rəbbi rədd etmələri qırx il sonra onların ibadət yerinin (Yerusəlim) və millətinin romalılar tərəfindən məhv edilməsinə səbəb olacaq (48-ci ayə). Allah Kayafanın peyğəmbərliyinin bu kinli və pis adamın düşüncələrindən qat-qat uzağa getməsinə icazə verir. Rəbb İsa millət üçün (çünki İsrail daha sonra bərpa olunacaq) həyatını qurban verməlidir, həm də dağılmış Allah övladlarını bir yerə toplamaq üçün (52-ci ayə). Şeytan zorla alır və dağıdır (müq. Yəhya 10:12), Rəbb İsa isə Öz işi ilə Allahın ailəsinə aid olanları burada bir yerə toplayır.