Həvari Pavel həbsxanada idi, lakin özünü o qədər unutmuşdu ki, yeganə arzusu Məsihin onun bədənində, istər həyatla, istərsə də ölümlə ucaldılması idi. Məsih Pavelin arzuladığı və etdiyi hər şeydə yeganə məqsəd idi; hər şey Onun ətrafında cəmləşmişdi. Pavel mübarək Rəbbimizin nümunəsini izləyirdi, çünki Məsih heç vaxt özünü razı salmağa çalışmamış, həmişə Atanı razı salan şeyləri etmişdi. İsa demişdi ki, Onun yeməyi Onu göndərənin iradəsini yerinə yetirmək və Onun işini bitirməkdir. Bizə deyilir ki, «sevgili uşaqlar kimi Allahı təqlid edin. Və məhəbbətdə gəzin, necə ki Məsih də bizi sevdi və özünü bizim üçün, Allaha xoş qoxulu bir qurban və hədiyyə olaraq verdi» (Efeslilərə 5:1–2). Həqiqətən də, Məsih Kilsəni sevdi və özünü onun üçün verdi, lakin bunda belə, Allah Onun ruhunun qarşısında məqsəd idi. O, həmişə Ata Allahın izzətini axtarırdı və bu, Onun ölümünün əsas səbəbi idi.
Həyatımızın, düşüncələrimizin, hisslərimizin, planlarımızın, məşğuliyyətlərimizin və fəaliyyətlərimizin yeganə məqsədi Məsih olmalıdır. Biz Onunuq, buna görə də özümüz üçün deyil, bizim üçün ölmüş və yenidən dirilmiş O, üçün yaşamalıyıq. Bu nə qədər də dərin bir sınaqdır! Mən bir şey planlaşdırıram, ya da arzulayıram? Bu Məsih üçündürmü? Mən xidmətdə məşğulam? Bu Məsih üçündürmü? Evimə baxıb gördüyüm hər şey haqqında «Bu Məsih üçündür» deyə bilərəmmi? Beləliklə, «Məsih üçün» bizə gündəlik həyatımızda hər şeyə tətbiq oluna bilən bir prinsip verir – özümüzü heçə sayan, lakin Onu hər şey edən bir prinsip. Bu, həqiqətən də bizə əsl sülh və Allahla xoşbəxt ünsiyyət gətirəcək.