«Mənə Öz iradəni etməyi öyrət» Zəbur 143:10-dakı dua idi. Davud burada deyir: «O, əllərimi müharibəyə öyrədir...». Xristianın ruhani müharibəsinin də öz «qanunları» var (2 Timoteyə 2:5) və «onu əsgər seçənə» xoş gəlmək istəyən hər bir mömin bir mənada hərbi təlimdən keçməlidir. Lakin o, qələbə üçün qazanılmış təcrübəyə və ya cəsarətinə güvənmir. O, burada bəyan edir ki, RƏBB Özü «mənim qalamdır; mənim yüksək qülləm... mənim qalxanımdır və mən Ona güvənirəm» (2-ci ayə).
Qalıqların fəryadına cavab olaraq gələcək yuxarıdan qurtuluş (5-11-ci ayələr) nəhayət Minillik dövrün xeyir-dualarına qapı açacaq (12-15-ci ayələr). Heç vaxt unutmayaq ki, İsraildən, yəni yer üzü xalqından fərqli olaraq, xristianın xeyir-duaları ruhidir: «Məsihdə göylərdəki yerlərdə» (Efeslilərə 1:3). Nəticə etibarilə, onlar Məsih kimi burada yaşadığımız sınaqlardan kənardadırlar və biz bu xeyir-dualardan ən pis çətinliklər arasında belə zövq ala bilərik. Əksinə, əgər sağlamlığımız, işimiz və ailə həyatımızla bağlı hər şey yaxşı gedirsə, ruhumuzun da inkişaf etdiyini və ya Rəbbin razılığını qazandığımızı düşünməməliyik. Təəssüf ki, tam əksinə də ola bilər.
