«Əgər Məsih dirilməyibsə, onda bizim təbliğimiz boşdur», həvari Korinflilərə yazır (1 Korinflilərə 15:14). Elə isə onun Rəbb İsanın dirilməsi üzərində bu qədər israr etməsinə təəccüblənməyək. Yəhudilərə bu, Onun həqiqətən də vəd edilmiş Məsih olduğunu, Zəbur 16:1-11 və digər Müqəddəs Yazıların danışdığı Kəs olduğunu göstərirdi (ayələr 34, 35). Bütpərəstlərə bu, Allahın gücünü və hökmün yaxınlığını təsdiqləyirdi (Həvarilərin İşləri 17:31). Biz imanlılara isə diri Xilaskarımızın izzətdə olması Onun işinin bizim haqq qazanmamız üçün Allah tərəfindən qəbul edildiyini (Romalılara 4:25), payımızın səmavi olduğunu (Koloslulara 3:1-2) və ümidimizin «əmin və möhkəm» olduğunu (İbranilərə 6:18-20) təmin edir.
Təəssüf ki, «xoş xəbər» (ayə 32) bədbəxt yəhudilər tərəfindən yalnız ziddiyyət və küfrlə qarşılanır (ayə 45). Sonra Rəbbin əmri ilə həvarilər təntənəli şəkildə millətlərə dönürlər, günahların bağışlanmasının iman edən hər kəs üçün olduğunu təsdiqləyirlər (ayələr 38, 39).
Bu yəhudilər özlərini əbədi həyata layiq görmədilər (ayə 46). Bu, imansızlıq idi, heç də təvazökarlıq deyil. Rəbb onlar haqqında məsəldəki böyük oğulun şəkli ilə danışmışdı (Luka 15:25 . . .), hansı ki, öz eqoistliyi və özünü doğrultması ilə atanın evinin sevinclərindən könüllü olaraq məhrum etmişdi.