Bu boruların ilk istifadəsi «yığıncağı çağırmaq üçün» idi. Çadır o qədim günlərdə Allahın Öz xilas edilmiş xalqı üçün təyin etdiyi mərkəz idi və o mərkəzdən Onun sözləri yayılırdı, və O, istədiyi zaman onları ora çağırırdı. Bu, kölgə, şəkil idi; Məsih isə mahiyyət, reallıqdır; və əgər biz Allahın sözünə itaət etsək, Məsih bizim yeganə mərkəzimiz olacaq. Elə isə, bu baxımdan Sözün gümüş borusunun çağırışını eşidin: «Çünki iki-üç nəfər Mənim adımda bir yerə yığışsa, Mən də onların arasında olaram» (Matta 18:20).
Xalq o böyük səhrada zəvvar idi və orada məskunlaşıb ev qurmamalı idi. Onlar Kənana səyahət edirdilər və bu faktı onlara xatırlatmaq lazım idi. Beləliklə, irəliləmək vaxtı gələndə həyəcan siqnalı çalındı; borular onları hərəkətdə saxlayırdı və bizə bu ikinci boru da lazımdır. Nə qədər tez durğunlaşıb yata bilərik, və səmavi evimizi və çağırışımızı unuda bilərik! Lakin Allah lütfkardır və Onun Sözü bizi yenilənmiş ruhani enerjiyə oyadır. O, həyəcan siqnalı çalır və bizə deyir: «Ey yatan, oyan, ölülər arasından qalx, Məsih də sənə nur verəcək» (Efeslilərə 5:14). «Fikrinizi yerdəkilərə deyil, göydəkilərə yönəldin» (Koloslulara 3:2).
Bu kimi sözlərdə biz gümüş boruların həyəcan siqnalı çaldığını eşidirik ki, dünyəvi şeyləri düşünməyək və yüksək taleyimizi və Atamızın evini unutmayaq. Bu iki məqsəd üçün, o qədim zamanlarda Allahın adından borular çalınırdı, və bu son günlərdə bizə söz gəlir ki, «qulağı olan eşitsin,» və «sözün yalnız eşidənləri deyil, icraçıları olun.»