Romalılara 14-cü fəsildən başlayaraq, həvari Pavel Romadakı imanlıların mədəni və ruhani keçmişlərindən irəli gələn çətinlikləri nəzərdən keçirir. Oradakı bir çox yeni imanlı yəhudi idi. Allahın Öz yer üzü xalqına verdiyi Qanun onlara hansı qidaların təmiz olub yeyilə biləcəyini və hansıların natəmiz olub yeyilməməli olduğunu bildirmişdi. Qeyri-yəhudi imanlılar heç vaxt Qanun altında olmamışdılar və buna görə də yəhudinin iyrənc hesab edəcəyi bir çox şeyi yeməkdən zövq alırdılar. Yəhudi imanlılar artıq Qanun altında deyildilər, lakin bir çoxu şübhəsiz ki, Allahın natəmiz adlandırdığı şeyləri yesələr, özlərini hələ də murdar hiss edəcəkdilər.
Belə imanlılar yəqin ki, özlərini hər cür əti yeməkdə azad hiss edən və buna görə də Allaha şükür edib sonra onu ləzzətlə yeyən qeyri-yəhudi imanlılardan daha ruhani hesab edirdilər. “Onlar necə o natəmiz ətə görə Allaha şükür edib onu ləzzətlə yeyə bilərlər?” – deyə düşünə bilərdilər. Onlar özlərini güclü xristianlar hiss edərdilər.
Lakin Allah onları zəif adlandırır. Güclü imanlı Məsihdə malik olduğumuz azadlıqdan zövq alır. O bilir ki, “Allahın hər yaratdığı yaxşıdır və şükürlə qəbul edilərsə, heç bir şey rədd edilməməlidir; çünki o, Allahın kəlamı və dua ilə müqəddəsləşir” (1 Tim. 4:4–5). Lakin ona zəif qardaşın şübhələrinə onun xeyri üçün dözməsi deyilir, çünki “hər kim bir şeyi natəmiz hesab edirsə, onun üçün o natəmizdir” (Rom. 14:14). Zəif qardaşa heç vaxt öz inanclarını başqalarına zorla qəbul etdirməsi deyilmir – onların iradəsini “mənim vicdanım” adlandıraraq və başqalarının buna hörmət etməsini istəyərək. Lakin əgər biz Rəbbimiz İsada olan lütfdə güclüyük, qardaşlarımızın malik olduğunu bildiyimiz şübhələrə dözək və onlara zərər verəcək şəkildə azadlığımızda israr etməyək.




