İbranilər Kitabının yazıçısı, Rəbb İsanın, əbədi Allah Oğlu olaraq, günah üçün Özünü qurban vermək məqsədilə insan olanın, hər kəsdən və hər şeydən üstün olduğunu təsdiqləyərək başlayır!
Bu günkü ayədə o, "daha yaxşı" sözünü işlədir ki, bu söz İbranilər Kitabında ən azı on üç dəfə istifadə olunur. "Daha yaxşı" kimi tərcümə olunan söz əslində "daha böyük, üstün, daha faydalı, daha xidmətə yararlı və ya daha mükəmməl" deməkdir. Bu on üç dəfədən yeddisi 7-10-cu fəsillərdə tapılır, burada biz Rəbb İsanın daha yaxşı bir əhd (İbr. 8), daha yaxşı bir müqəddəs yer (İbr. 9) və daha yaxşı bir qurban (İbr. 10) əsasında xidmət etdiyini oxuyuruq.
Yazıçı açıq şəkildə bizə başa düşdürmək istəyir ki, Məsihdə və Məsih vasitəsilə bizə daha yaxşı şeylər gəlib (11:40). Lakin bundan da artığı, o, bizə başa düşdürmək istəyir ki, Rəbb İsa Məsih hər şeydən və hər kəsdən daha yaxşıdır. Bizim peyğəmbərlərdən (1:1–3), mələklərdən (1:4–2:18), Musadan və Yeşudan (3:1–4:13) daha böyük olan Birimiz var; və Onun kahinliyi Harunun kahinliyindən daha böyükdür (4:14–7:28). O, Əhdi-Ətiq müqəddəs yerindən və qurbanlarından daha böyükdür (8:1–9:10). Məsihin Şəxsiyyəti və işi ilə bağlı hər şey bu həyatda məşğul ola biləcəyimiz hər şeydən qat-qat yaxşıdır.
Cavab verməli olduğumuz sual budur: bəs niyə biz özümüzü bu qədər böyük olanın ardınca qaçmaqdan yayındırmağa və ruhdan düşməyə icazə veririk! Qoy bu Rəbb Gününə gözlərimizi Ona dikərək başlayaq. Və gün ərzində, bəlkə də, dayanıb diqqətimizin yenidən tənzimlənməsinə ehtiyac olub-olmadığını görə bilərik ki, bu qədər yaxşı olan Rəbb İsa Məsihə aydın bir baxışımız olsun!




