Axmağın portretindən sonra (ayə 1-12), burada digər eyni dərəcədə iyrənc xarakterlər var. Birincisi, artıq tez-tez rastlaşdığımız tənbəl adamdır (ayə 13-16). O, etməli olduğu işlərdən yayınmaq üçün təhlükələr və xəyali çətinliklər bəhanəsindən istifadə edir (ayə 13), hətta özünü qidalandırmağı da laqeyd edir (ayə 15). «Qapı öz cəftələri üzərində dönür» (ayə 14). Kimsə demişdir: «O, irəli-geri hərəkət edir, lakin eyni yerdə qalır. Özümüzdən soruşmalıyıq ki, biz ondan daha çox irəliləmişikmi, xristian həyatımızda hər hansı bir irəliləyiş əldə etmişikmi?» Tənbəl adam yatağında dönür. İnsan heç bir dəyərli fəaliyyət göstərmədən dönüb-dolaşa bilər.
Dalaşqan da təsvir edilmişdir (ayə 17-21). O, mübahisələrin alovunu qızışdırmaqda ustadır. Lakin 17-ci ayənin bir çox tətbiqi var. Sosial, həmkarlar ittifaqı və siyasi münaqişələrdə iştirak etmək... bütün bunlar Allahın övladını qəddar «dişləmələrə» məruz qoyur.
İndi də dedi-qoduçu gəlir ki, o da mübahisələri qızışdırmağa kömək edir (ayə 20, 22); sonra ürəyinin nifrətini xoş sözlərlə gizlədən fırıldaqçı (ayə 23-25; bax 2 Şamuel 20:9-10; Yeremya 12:6). Rəbb İsa bu ayələrdə pislənən müxtəlif növ pisliklər və ikiyüzlülüklərlə məşğul olmuşdur (Matta 17:17; Zəbur 38:12). Onlardan nə qədər əziyyət çəkdi!
