Zəbur 20:1-9-da sadiq insanlar öz Padşahlarına müraciət etdilər. İndi onlar RƏBBə bu Padşah haqqında danışırlar (1-7-ci ayələr) – Allahın ürəyinə xoş gələn bir mövzu! Unutmayaq ki, xristian ibadətinin əsas məqsədi Ataya Özü üçün tamamilə məqbul olanı – Öz Oğlu İsa Məsihi təqdim etməkdir.
Onun indi zövq aldığı «yaxşılıq xeyir-duaları» (3-cü ayə) Onun payına düşən əzablar və təhqirlərlə kəskin ziddiyyət təşkil edir. Beləliklə, tikan tacı saf qızıl tacla əvəz olunur; paltarının bölünməsi Allahın Ona verdiyi şərəf və əzəmətlə mükafatlandırılır (6-cı ayə; Zəbur 45:6-8); xaçın utancı Onun dirilməsinin izzəti ilə əvəz olunur (4-cü ayə). Bəli, bizim üçün lənətə çevrilən əbədi olaraq xeyir-dua alır və Allahın bir anlıq üzünü çevirdiyi Kəs indi Onun üzü ilə hədsiz sevinir (6-cı ayə).
Biz haqlı olaraq soruşa bilərik ki, Müqəddəs Ruh Zəbur 21:1-13; Zəbur 22:1-31-in sırasını niyə dəyişməyib. Məgər bu, Allahın Öz Oğlunu artıq Onun üçün hazırlanmış xeyir-dualarla «qabaqlaması»* deyilmi? O, bunları Ona əvvəlcədən hədiyyə etmişdir (müq. Yəhya 17:4-5). Bu həm də Ona görədir ki, O, Öz Sevgilisinin tərk edilməsi (Zəbur 22:1-31) kimi ciddi bir məsələyə, əvvəlcədən bizə Onun izzətlərini bildirmədən yaxınlaşmağımıza icazə vermək istəmir.
*qabaqlamaq: qabağa getmək (köhnə məna).