«Allahı lağa qoymaq olmaz; çünki insan nə əkərsə, onu da biçər» (Qalatiyalılara 6:7). Əvvəlki fəsillər bizə İsrailin nə əkdiyini göstərmişdi, buna görə də dəhşətli məhsul bizi təəccübləndirməməlidir. Amosun sonuncu görüntüsü ən dəhşətlisidir. O, Rəbbin Özünü qurbangahın üzərində dayandığını, son qırğın üçün əmrlər verdiyini görür. Heç kim qaçmayacaq. Günahkar xalqın ümidsiz qaçışı Zəbur 139:1-24-ü xatırladır (bax. 2-ci ayə və Zəbur 139:8). Lakin bu Zəbur mahiyyətcə işıqdan qaçan bir imanlının təcrübəsini danışır. Burada isə əksinə, hökm nəzərə alınaraq təqib edilən günahkarlardan bəhs edilir. Lakin kitab hökm notu ilə bitmir. 8-ci ayədən etibarən lütf görünür. Millətin keçdiyi ələkdən bütün samanlar təmizlənmiş, lakin dənələrdən heç biri itməmişdir (9-cu ayə). Doğru zamanda, Allah Öz seçilmişlərini qoruduğunu göstərəcək. 11-15-ci ayələr bərpa və son bərəkəti təsvir edir. Sonra hər şey Məsihə tabe ediləcək.
Rəbbin xilas etdikləri, biz Onu Amosun görüntüsündəki kimi qurbangahın üzərində dayanan Hakim kimi qarşılamayacağıq. Biz Onu şöhrət və şərəf tacı ilə, Allahın sağ əlində oturmuş görəcəyik (İbranilərə 2:8-9). Hətta indi də, imanla, Onu belə görürük.