Bu nəğmənin ilk bəndi (7-22-ci ayələr) Zəbur 105-in bir hissəsinə (1-15-ci ayələr) uyğun gəldiyi kimi, sonrakı hissə (23-33-cü ayələr) Zəbur 96:2-12 ilə, nəhayət, 34-36-cı ayələr Zəbur 106:1; Zəbur 106:47-48 ilə əlaqəlidir. Lakin bir xüsusiyyət çox nəzərə çarpır: bu üç zəburda lütf xarakterinə cavab verməyən hər şey bir kənara qoyulmuşdur. Burada törədilmiş səhvlərdən və ya layiq görülmüş hökmlərdən bəhs edilmir.
Qurtarılmışlar Quzunun taxtının ətrafında durduqda və yeni nəğmə səsləndikdə, günahlarının ürəkdağlayan xatırlanması olacaqmı (İsrail üçün Zəbur 106:6-7; Zəbur 106:13-43-də olduğu kimi)? Bu qeyri-mümkündür, çünki Allah vəd etmişdir: «Onların günahlarını və haqsızlıqlarını bir daha xatırlamayacağam» (İbranilərə 8:12). Günahlar yalnız «Bizi sevənə və bizi öz qanı ilə günahlarımızdan yuyan Ona . . . əbədi və əbədi izzət və hakimiyyət olsun! Amin!» dedikdə xatırlanacaq (Vəhy 1:5-6).
Bu səhnə sandığın qarşısında daimi xidmət üçün tədbirlərin qurulması ilə başa çatır. Hər kəs öz yerində bundan sonra müqəddəs xidmətini yerinə yetirir, bu da artıq həqiqi ibadət edənlərə aid olanların bir şəklidir.