Quşların qurban kəsilməsində istifadə edildiyi başqa bir hadisə cüzamlıların təmizlənməsi idi. Müqəddəs Yazılar deyir: «Hamı günah işlədib və Allahın izzətindən məhrum olub» (Rom. 3:23). Biz hamımız ruhani cüzamlı idik! İstər İsraildəki fiziki cüzamlıları, istərsə də bugünkü ruhani cüzamlıları yalnız Allah sağalda bilərdi.
Cüzamlıların təmizlənmə mərasiminin əvvəlində iki quş götürülməli idi. Qeyd edək ki, bu quşlar təmiz və diri olmalı idi. Nuhun qurbanında (Yar. 8:20) təmiz və natəmiz quşlar arasında fərq qoyulduğunu görürük. Məsih təmiz idi, biz isə günahlarımızda natəmiz idik. Quşlar da diri olmalı idi, ölüm hökmü altında olan cüzamlıdan fərqli olaraq. Və biz hamımız günahlarımızda və təqsirlərimizdə ölü idik (Efes. 2:1), Allaha qarşı ölü idik.
Quşlardan biri torpaq qabda öldürülməli idi. Allahın əbədi Oğlunun bu dünyaya gəlməsi və Özü üçün hazırlanmış bir bədən, torpaq qab götürməsi nə qədər heyrətamizdir (İbr. 10:5). Öz bədənində O, «əbədi Ruh vasitəsilə Özünü Allaha ləkəsiz qurban etdi» (9:14). Bizim hissəmizdəki axar su Müqəddəs Ruhu təmsil edərdi.
Sonra, ikinci quş birinci quşun qanına batırılmalı və havaya buraxılmalı idi. İkinci quş Məsihin dirilməsindən bəhs edir. O dirilmişdir, adına şükürlər olsun! O, «bizim təqsirlərimizə görə təslim edilmiş və bizim salehləşdirilməyimiz üçün dirilmişdir» (Rom. 4:25). Buna görə də ikinci quş qana batırılmışdı. Bu, cüzamlıların Allah qarşısında təmizləndiyinin sübutu idi. Bizim üçün Məsihin qanı tökülmüşdür. Biz əbədi olaraq təmizlənmiş və salehləşdirilmişik (5:1, 9)!





