Padşah Ahaşveroş Mordekayı şərəfləndirməyə davam etdi, ona Hamandan aldığı möhür üzüyünü verdi və onu padşah geyimlərinə bürüdü. Esterin Hamanın vurduğu zərəri aradan qaldırmaq xahişi ilə, o, Mordekay və Esterə istədiklərini ölkənin hər əyalətinə bildirən məktublar göndərməyi əmr etdi. Onlar bunu etdilər, hər yerdə yəhudilərə öldürülməli olduqları gündə düşmənlərinə qarşı özlərini müdafiə etməyə icazə verdilər.
Düşmənlərinin yəhudiləri məhv etmək niyyətində olduğu gündə, “yəhudilər bütün düşmənlərini qılınc zərbəsi ilə, qırğın və məhv etməklə məğlub etdilər.” Bunu edərkən, paytaxtda 500 nəfəri və Hamanın on oğlunu, əyalətlərdə isə 75.000 nəfəri öldürdülər, lakin icazə verilsə də, heç bir qənimət götürmədilər. Ertəsi gün Şuşanda daha 300 nəfəri öldürdülər. Onun yer üzündəki xalqı tez-tez çox əziyyət çəksə də, Allah sədaqətlə düşmənlərinin onları məhv etmək üçün hər cəhdini boşa çıxarmışdır.
Biz bu gün imanlılar olaraq Esterdən bu nümunəni bizə zülm edən və təqib edənlərə qarşı birləşib mübarizə aparmaq üçün istifadə etməliyikmi? Rəbbimiz İsa Öz müdafiəsi üçün on iki legion mələk çağıra bilərdi (Mat. 26:53), lakin bunu etmədi. O, Öz ardıcıllarına deyir: “Amma Mən sizə deyirəm: düşmənlərinizi sevin, sizə lənət edənlərə xeyir-dua verin, sizə nifrət edənlərə yaxşılıq edin və sizə pislik edənlər və sizi təqib edənlər üçün dua edin” (5:44). Bir çox təqibçilər Rəbbə itaət edən imanlıların davranışı ilə Məsihə qazandırılmışdır.




