1 Bu, İsa Məsihin vəhyidir. Allah bunu Ona verdi ki, tezliklə baş verməli hadisələri Öz qullarına aşkar etsin. Məsih də bunu Öz mələyi vasitəsilə qulu Yəhyaya göndərərək bəyan etdi. 2 Yəhya Allahın kəlamı və İsa Məsihin şəhadəti, yəni gördüyü hər şey barədə şəhadət etdi. 3 Nə bəxtiyardır bu peyğəmbərlik sözlərini oxuyan, eşidənlər və orada yazılanlara riayət edənlər! Çünki vaxt yaxındır.
4-5 Mən Yəhyadan Asiya vilayətindəki yeddi imanlılar cəmiyyətinə salam! Var Olan, Var Olmuş və Gəlməli Olandan, Onun taxtının önündəki yeddi ruhdan, həmçinin ölülər arasından ilk doğulan, yer üzünün padşahlarının başçısı olan sadiq şahid İsa Məsihdən sizə lütf və sülh olsun!
Bizi sevən, Öz qanı bahasına bizi günahlarımızdan azad edərək 6 bizdən bir padşahlıq təşkil edən və bizi Öz Atası Allah üçün kahinlər təyin edən Şəxsə əbədi olaraq izzət və qüdrət olsun! Amin.
7 Budur, O, buludlarla gəlir!
Hər göz Onu görəcək,
Hətta Onun bədənini deşənlər də
Onu görəcək.
Yer üzünün bütün tayfaları
Onun üçün ah-nalə edəcək.
Bəli, belə olacaq. Amin.
8 Var olan, Var olmuş və Gəlməli olan Külli-İxtiyar Rəbb Allah deyir: «Alfa və Omeqa Mənəm!»
9 Əziyyətə, Allahın Padşahlığına və dözümə sizinlə İsada şərik olan mən – qardaşınız Yəhya Allahın kəlamından ötrü və İsa barədə şəhadət etdiyimə görə Patmos adlanan adada idim. 10 Rəbbin günü Ruhun təsirinə düşdüm. Arxamdan şeypur səsinə bənzər uca bir səsin belə söylədiyini eşitdim: 11 «Gördüyünü bir kitaba yaz və bunu yeddi cəmiyyətə, yəni Efesə, İzmirə, Berqamaya, Tiatiraya, Sarda, Filadelfiyaya və Laodikeyaya göndər».
12 Onda çevrildim ki, mənimlə danışanın kim olduğunu görüm. Çevrildikdə yeddi qızıl çıraqdan gördüm. 13 Çıraqdanların arasında uzun cübbə geymiş, sinəsinə qızıl qurşaq bağlamış bəşər oğluna bənzər Biri var idi. 14 Onun başı, saçı yun və qar kimi ağ, gözləri isə odlu alov kimi idi; 15 ayaqları kürədə xalis olan pardaqlanmış tunc kimi idi, səsi də gur suların sədasına bənzəyirdi. 16 O, sağ əlində yeddi ulduz tutmuşdu, ağzından ikiağızlı iti bir qılınc çıxırdı; Onun üzü tam qüvvəsi ilə parlayan günəşə bənzəyirdi.
17 Mən Onu gördükdə ölü kimi ayaqlarına düşdüm. O isə sağ əlini mənim üstümə qoyub dedi: «Qorxma! Birinci və Sonuncu Olan, 18 Diri Olan Mənəm. Mən ölmüşdüm, indi isə əbədi olaraq diriyəm. Ölümün və ölülər diyarının açarları Məndədir. 19 Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz. 20 Mənim sağ əlimdə gördüyün yeddi ulduzun və yeddi qızıl çıraqdanın sirrinə gəlincə, yeddi ulduz yeddi cəmiyyətin mələkləri, yeddi çıraqdan da yeddi cəmiyyət deməkdir.
19 Beləliklə, öz gördüklərini, indi və bundan sonra baş verəcək hadisələri yaz.
1 Efesdə olan cəmiyyətin mələyinə yaz:
Yeddi ulduzu sağ əlində Tutan, yeddi qızıl çıraqdanın arasında Gəzən belə deyir: 2 sənin əməllərindən, zəhmətindən, dözümündən və şər adamlara dözmədiyindən xəbərdaram. Həvari olmadıqları halda özlərini həvari adlandıranları sınaqdan keçirdin və onların yalançı olduğunu müəyyən etdin. 3 Sən dözümlü oldun, Mənim adım naminə tab gətirdin və yorulmadın. 4 Amma səndən bir şikayətim var: əvvəlki məhəbbətindən əl çəkmisən. 5 Buna görə də haradan yıxıldığını yadına sal, tövbə et və əvvəl etdiyin işləri gör. Əks təqdirdə, tövbə etməsən, yanına gəlib çıraqdanını yerindən götürəcəyəm. 6 Amma yaxşı ki sən nikolaçıların əməllərinə nifrət edirsən; Mən də onlara nifrət edirəm. 7 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Allahın cənnətində olan həyat ağacından yeməyə imkan verəcəyəm.
8 İzmirdə olan cəmiyyətin mələyinə yaz:
Birinci və Sonuncu Olan, ölüb yenidən Dirilən belə deyir: 9 sənin əziyyətindən və yoxsulluğundan xəbərdaram, amma sən zənginsən. Yəhudi olduqlarını iddia edənlərin küfründən də xəbərdaram, amma onlar Yəhudi deyil, Şeytan yığıncağıdır. 10 Çəkəcəyin əzabdan heç qorxma. Bax iblis aranızdan bəzisini zindana atacaq ki, sınaqdan keçəsiniz. Siz on gün əziyyət çəkəcəksiniz. Ölüm bahasına olsa da, sadiq qal, Mən sənə həyat tacını verəcəyəm. 11 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələn ikinci ölümdən heç zərər görməyəcək.
12 Berqamada olan cəmiyyətin mələyinə yaz:
İkiağızlı iti qılıncı Olan belə deyir: 13 gör harada, Şeytanın taxtı olan yerdə yaşadığın halda Mənim adıma bağlı qaldığından xəbərdaram. Barəmdə sədaqətlə şəhadət edən, aranızda, Şeytanın yaşadığı yerdə öldürülən Antipanın günlərində belə, Mənə olan imanından imtina etmədin. 14 Amma səndən bir az şikayətim var: aranızda Bilamın təliminə bağlı olanlar var. O, Balaqı öyrətdi ki, İsrail övladlarını büdrədərək bütlərə təqdim olunan qurbanların ətini yeməyə və əxlaqsızlığa azdırsın. 15 Eləcə də sənin içində nikolaçıların bu cür təliminə bağlı olanlar var. 16 Buna görə də tövbə et. Yoxsa tezliklə sənin yanına gəlib ağzımdan çıxan qılıncla onlarla döyüşəcəyəm. 17 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir. Qalib gələnə Mən gizli saxlanan mannadan verəcəyəm. Ona bir ağ daş da verəcəyəm ki, üstündə yeni ad yazılıb; bu adı da daşı alandan başqa heç kəs bilmir.
18 Tiatirada olan cəmiyyətin mələyinə yaz:
Gözləri odlu alova, ayaqları da pardaqlanmış tunca bənzəyən Allah Oğlu belə deyir: 19 sənin əməllərindən, məhəbbətindən, imanından, xidmətindən və dözümündən xəbərdaram; son işlərin də əvvəlkilərdən daha çoxdur. 20 Amma səndən şikayətim var: sən özünü peyğəmbər adlandıran qadın İzevelə imkan verirsən ki, Mənim qullarıma əxlaqsızlıq və bütlərə təqdim olunan qurbanların ətini yeməyi öyrədərək onları aldatsın. 21 Mən ona möhlət verdim ki, tövbə etsin, amma əxlaqsızlığından tövbə etmək istəmir. 22 Bax onu xəstəlik yatağına salıram. Onunla zina edənlər birgə etdikləri əməllərdən tövbə etməsələr, onları da böyük əziyyətə düçar edəcəyəm. 23 Onun övladlarını azara salıb öldürəcəyəm. Bütün cəmiyyətlər də biləcək ki, insanın daxilini və ürəyini araşdıran Mənəm və hər birinizə əməllərinizə görə əvəz verəcəyəm. 24 Amma siz Tiatirada olan digərlərinə, yəni bu təlimi qəbul etməyənlərə və Şeytanın dərin sirri adlandırılan şeyləri öyrənməyənlərə deyirəm: üstünüzə başqa bir yük qoymuram; 25 ancaq Mən gəlincəyə qədər özünüzdə olana bağlı qalın. 26 Qalib gələnə və Mənim buyurduğum işlərə sonadək riayət edənə millətlər üzərində səlahiyyət verəcəyəm.
27 “Dəmir əsa ilə onlara ağalıq edəcək,
Saxsı qablar kimi onları çilik-çilik edəcək”. 28 Bunu Atamdan necə aldımsa, eləcə də ona verəcəyəm. Dan ulduzunu da ona verəcəyəm. 29 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
1 Sardda olan cəmiyyətin mələyinə yaz:
Allahın yeddi ruhuna və yeddi ulduza malik Olan belə deyir: sənin əməllərindən xəbərdaram. Adın var ki, guya dirisən, əslində isə ölüsən. 2 Oyaq ol və sağ qalıb ölmək üzrə olan nəyin varsa, onu möhkəmləndir. Çünki Mən sənin əməllərinin Allahımın önündə kamil olmadığını gördüm. 3 Buna görə də nə aldığını və nə eşitdiyini yadına sal. Bunlara riayət et və tövbə elə. Əgər oyaq olmasan, bir oğru kimi gələcəyəm və hansı saat sənin üstünə gələcəyimi də bilməyəcəksən. 4 Amma Sardda, sənin yanında öz paltarlarını ləkələməyən bir neçə şəxs də var. Onlar Mənimlə birlikdə ağ paltarda gəzəcəklər, çünki buna layiqdirlər. 5 Qalib gələn hər kəs də ağ paltar geyinəcək. Mən onun adını həyat kitabından əsla silməyəcəyəm, Atamın və Onun mələklərinin önündə adını iqrar edəcəyəm. 6 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
7 Filadelfiyada olan cəmiyyətin mələyinə yaz:
Müqəddəs və Haqq Olan, Davudun açarının Sahibi, açdığını heç kəs bağlamayan, bağladığını heç kəs açmayan belə deyir: 8 sənin əməllərindən xəbərdaram. Bax Mən sənin üzünə elə bir qapı açmışam ki, heç kəs onu bağlaya bilməz. Gücün az olduğu halda Mənim sözümə riayət etmisən və Mənim adımdan imtina etməmisən. 9 İndi isə Şeytan yığıncağından olub Yəhudi olmadıqları halda özlərini Yəhudi adlandıran yalançıları məcbur edəcəyəm ki, gəlib sənin ayaqlarına düşsünlər və Mənim səni sevdiyimi bilsinlər. 10 Dözüm göstərərək Mənim sözümə riayət etmisən. Buna görə Mən də səni yer üzündə yaşayanları sınamaq üçün bütün dünyanın üzərinə gələcək sınaq zamanından qoruyub saxlayacağam. 11 Tezliklə gəlirəm. Nəyin varsa, ona bağlı qal ki, heç kəs tacını götürməsin. 12 Qalib gələni Allahımın məbədinə sütun qoyacağam və bir daha oranı tərk etməyəcək. Onun üzərinə Allahımın adını, Allahıma məxsus şəhərin, yəni göydən, Allahımın yanından enən yeni Yerusəlimin adını və Öz yeni adımı yazacağam. 13 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir.
14 Laodikeyada olan cəmiyyətin mələyinə yaz:
Amin Olan, sadiq və etibarlı Şahid, Allahın yaratdıqlarının Mənşəyi belə deyir: 15 sənin əməllərindən xəbərdaram. Sən nə soyuqsan, nə də isti. Kaş ki ya soyuq ya da isti olaydın! 16 İndi ki nə isti, nə də soyuq olub ilıqsan, səni ağzımdan qaytaracağam. 17 Çünki deyirsən: “Varlıyam, zəngin olmuşam və heç nəyə möhtac deyiləm”. Amma bilmirsən ki, zəlil, yazıq, yoxsul, kor və çılpaqsan. 18 Sənə məsləhət görürəm ki, zəngin olmaq üçün Məndən od içində xalis olan qızıl alasan, həmçinin geyinib çılpaqlığının ayıbını açmamaq üçün ağ paltar alasan, gözlərinə sürtüb görmək üçün də göz məlhəmi alasan. 19 Mən kimi sevirəm, onu məzəmmət və tərbiyə edirəm. Buna görə də qeyrətə gəl və tövbə et. 20 Bax qapının önündə durub onu döyürəm; kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik. 21 Qalib gələnə Mənimlə birgə Öz taxtımda oturmağa imkan verəcəyəm; Mən də eləcə qalib gəlib Atamla birgə Onun taxtında oturmuşam. 22 Qulağı olan qoy eşitsin ki, Ruh cəmiyyətlərə nə deyir».
Vəhy 1 · Vəhy 1:19 · Vəhy 2–3 · AZJ08
Həvari Yəhya tərəfindən yazılmış Vəhy, Allahın insanla olan yollarının peyğəmbərlik xülasəsidir. Yaradılışda saf təravət və sadəliklə başlayan bir tarix indi insanın yığılmış günahı və qəsdən pozğunluğu nəticəsində böyük qarışıqlıqlar və çətinliklərlə başa çatır. Lakin bizim böyük Allahımız, sakit, əzəmətli düşüncə ilə dolaşıq vəziyyəti açır və Öz ilahi hikmətinə uyğun olaraq mükəmməl vaxtda və qaydada hökm edir.
Fəsildə verilən kitabın üç əsas hissəsi tələbə üçün böyük kömək olacaqdır:
• «gördüyün şeylər» (fəsil 1);
• «olan şeylər» (fəsillər 2–3);
• «bundan sonra baş verəcək şeylər» (fəsillər 4–22).
Birincisi keçmişdir; ikincisi indiki, Kilsə dövrünə aiddir; üçüncüsü isə gələcəkdir. Fəsillər 2 və 3-də Rəbb İsa Kiçik Asiyadakı yeddi yığıncağın vəziyyətini yüksək məhkəmə müdrikliyi ilə ayırd edir, bunlar Kilsənin yaranmasından Rəbbin gəlişinə, Qalxışa qədər bütün tarixinin peyğəmbərlik əlamətidir. Hökm Allahın evindən başlamalıdır.
Rəbb İsanın hər şey üzərində qələbəsi, O'nun minillik səltənəti, O'nun Böyük Ağ Taxt hökmü, yeni göylərdə və yeni yerdə Allahın əbədi izzəti kitabın böyük məsələlərindən bəziləridir. Allahın möhtəşəm məsləhətlərinin şanlı zirvəsi! Həm də nə qədər uyğundur ki, Allahdan gələn bu son söz onun müqəddəs həqiqətlərini oxuyan, eşidən və saxlayanlar üçün bərəkət elan etsin.