Əgər qurbanı bir baş mal-qaradan ibarət yandırma qurbanıdırsa, bu qüsursuz erkək heyvan olsun. Bu qurbanın Rəbbin hüzurunda məqbul olması üçün onu gətirən adam onu Hüzur çadırının girişinə gətirsin. O adam əlini yandırma qurbanının başına qoysun ki, qurban özü üçün kəffarə kimi qəbul olunsun.
LEVİLİLƏR 1:3-4
İbrahim dedi: «Oğlum, yandırma qurbanı olacaq quzunu Allah Özü hazırlayacaq». Onlar birlikdə getdilər.
YARADILIŞ 22:8
Ertəsi gün Yəhya İsanın ona tərəf gəldiyini görüb dedi: «Dünyanın günahını aradan götürən Allah Quzusu budur!
YƏHYA 1:29
Bu iradəyə əsasən biz İsa Məsihin bədəninin birdəfəlik təqdim olunmasına görə təqdis olunduq.
İBRANİLƏRƏ 10:10
Beləcə Bəşər Oğlu gəlmədi ki, Ona xidmət etsinlər, gəldi ki, Özü xidmət etsin və çoxlarını satın almaq üçün Öz canını fidyə versin».
MATTA 20:28
Canımı Məndən heç kəs ala bilməz, amma onu Özüm verirəm. Onu verməyə də, sonra geri almağa da ixtiyarım var. Bu əmri Atamdan almışam».
YƏHYA 10:18
«Onların dönüklüyünə əlac edəcəyəm,
Onları ürəkdən sevəcəyəm,
Çünki qəzəbim onlardan vaz keçdi.
HUŞƏ 14:4
Məsihlə birlikdə çarmıxa çəkildim. Artıq mən yaşamıram, Məsih məndə yaşayır. İndi cismən yaşadığım həyata gəlincə məni sevib uğrumda Özünü fəda edən Allahın Oğluna olan imanla yaşayıram.
QALATİYALILARA 2:20
Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq.
2 KORİNFLİLƏRƏ 5:21
Belə ki sevimli Oğlunda bizə bəxş etdiyi Öz lütfünün izzətini mədh edək.
EFESLİLƏRƏ 1:6